...

Qəbələ Zirvəsi: Türk dövlətlərinin yeni geosiyasi strategiyası

Siyasət Materials 8 Oktyabr 2025 09:48 (UTC +04:00)
Qəbələ Zirvəsi: Türk dövlətlərinin yeni geosiyasi strategiyası
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qədim Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inteqrasiyasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Zirvədə səslənən fikirlər və qəbul olunan qərarlar təkcə regional əməkdaşlıq çərçivəsində deyil, həm də qlobal miqyasda Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik gündəminin formalaşdığını göstərir.

Bu, təşkilatın əvvəlki illərdə əsasən mədəni və iqtisadi əməkdaşlığa fokuslanmasından fərqli olaraq, indi vahid siyasi və təhlükəsizlik platforması kimi çıxış etməsinə dəlalət edir. TDT-nin inkişaf dinamikası göstərir ki, Türk dövlətləri artıq regional blok deyil, vahid maraqlar, ortaq təhlükəsizlik və enerji strategiyası əsasında birləşən müstəqil güc mərkəzi formalaşdırırlar. Bu, həm də beynəlxalq sistemdə yaranan yeni çoxqütblü düzənin bir tərkib hissəsidir.

Prezident İlham Əliyevin 2026-cı ildə Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi TDT-nin gələcəkdə vahid müdafiə və təhlükəsizlik mexanizmi yaratmaq istiqamətində atılan strateji addımdır. Bu təklif həm də bölgədə formalaşan yeni geosiyasi reallıqlara cavabdır. Qlobal miqyasda artan qeyri-sabitlik, regional münaqişələr və enerji təhlükəsizliyi məsələləri TDT-nin özünümüdafiə və qarşılıqlı təhlükəsizlik mexanizmini gücləndirməsini labüd edir.

Zirvə zamanı Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra əldə edilən nəticələri vurğulaması iki mühüm mesajı özündə daşıyır. Azərbaycanın suverenliyinin tam bərpası Türk dünyası üçün nümunəvi modeldir, sülhün ədalət üzərində qurulması regionda sabitliyin yeganə təminatıdır. Ermənistanla sülh sazişinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğv edilməsi barədə qeyd olunan məqamlar isə Cənubi Qafqazda tamamilə yeni diplomatik mühitin formalaşdığını göstərir.

Zəngəzur dəhlizinin açılması barədə vurğular isə Qəbələ Zirvəsinin əsas strateji nəticələrindən biri kimi qiymətləndirilir. Bu dəhliz yalnız Azərbaycan və Türkiyəni deyil, bütün Türk coğrafiyasını Avropa ilə birləşdirən yeni nəqliyyat arteriyası rolunu oynayacaq. Beləliklə, TDT-nin nəqliyyat strategiyası – Orta Dəhliz - Zəngəzur dəhlizi - Şimal-Cənub marşrutu gələcəkdə Türk dövlətlərini vahid iqtisadi və logistika məkanına çevirəcək. Hazırda formalaşan “Orta Asiya – Azərbaycan – Türkiyə – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Türk dünyasını həm enerji ixracatçısı, həm də bərpaolunan enerji mərkəzinə çevirəcək.

Qarabağda və Şərqi Zəngəzurda türk dövlətlərinin inşa etdiyi məktəblər, məscidlər və mədəniyyət obyektləri Türk həmrəyliyinin praktiki təzahürüdür.

Füzulidə, Ağdamda, Cəbrayılda müxtəlif türk ölkələrinin inşa etdiyi layihələr yalnız bərpa prosesinə deyil, həm də birlik ideyasının konkret simvollarına çevrilib.

Qəbələdə keçirilən TDT Zirvəsi bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq siyasətdə nəzərə alınmalı güc mərkəzi kimi formalaşır. Bu zirvə ilə Türk dövlətlərinin vahid təhlükəsizlik və müdafiə vizyonu bəyan edildi, enerji, nəqliyyat və iqtisadi inteqrasiya istiqamətləri konkretləşdirildi, mədəni və mənəvi birliyin gücləndirilməsi üçün yeni təşəbbüslər irəli sürüldü.

Beləliklə, Qəbələ Zirvəsi təkcə bir toplantı deyil, Türk dünyasının XXI əsrdə geosiyasi strategiyasının başlanğıcı kimi tarixə düşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti