Bakı. Trend:
Prezident İlham Əliyev bu günlərdə Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin yeni səlahiyyətli nümayəndəsini, Bakı şəhəri Nəsimi, Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir rayonlarının icra hakimiyyəti başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən mühüm tapşırıq və tövsiyyələr verdi. Dövlətimizin başçısının əsas tapşırıqlarından biri onların qarşıya qoyulan vəzifələri layiqincə icra etmələri ilə bağlı oldu. Bu vəzifələrdən birincisi isə Prezident İlham Əliyevin dediyi kimi xalqa xidmət etməkdir.
Təcrübə göstərir ki, ölkənin inkişafı və vətəndaş məmnuniyyətinin təmin olunması müxtəlif sosial-iqtisadi amillərlə bərabər, həm də məsul şəxslərin, dövlət məmurlarının öz vəzifələrini uğurla yerinə yetirmələri ilə birbaşa əlaqəlidir. Birmənalı şəkildə deyə bilərik ki, Prezident İlham Əliyevin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri fəaliyyət hər bir dövlət məmuru və vəzifəli şəxs üçün əvəzolunmaz nümunələrdir. Bu fəaliyyətin başlıca göstəriciləri respublikamızın inkişafına nail olunması və iqtisadi artıma paralel olaraq vətəndaşların sosial rifahının yüksəldilməsidir.
Eyni zamanda vətəndaşları narahat edən, düşündürən məsələlərə vaxtında və operativ reaksiya, problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz qərarların verilməsi Prezident İlham Əliyevin fəaliyyətinin əsas xarakterik göstəricilərindən biridir. O cümlədən ekstremal situasiyalar zamanı cənab Prezidentin məsələyə operativ və çevik reaksiyası ilə bağlı nümunələr gətirmək mümkündür. Bütün bunların fonunda görünən odur ki, Prezident İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır.
Dövlətimizin başçısı regionlara səfərləri zamanı həmişə mütləq yerli sakinlərlə görüşür, onlarla söhbət edir. Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər və söhbətlər cənab Prezidentin vətəndaşların rifahına, onların qayğılandıran məsələlərə həssas və diqqətli münasibətini nümayiş etdirir. Prezident İlham Əliyev üçün insan amilinin bütün məqsədlərin fövqündə dayandığı həm də belə görüşlərdə öz təsdiqini tapır. Vətəndaşlar isə Prezident İlham Əliyevin timsalında haqlı olaraq özlərinin ən böyük himayədarlarını, güvənc yerlərini görür və bununla fəxr edirlər.
Dövlətimizin başçısı məmurlardan da eyni cür fəaliyyət gözləyir və bunu haqlı olaraq tələb edir. Cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən dediyi kimi rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, ümumi işə heç bir irad tutulmasın. Lakin təəssüflə qeyd etməliyik ki, bəzən ona həvalə olunan vəzifənin məsuliyyətini anlamayan, göstərilmiş etimaddan sui-istifadə edən, neqativ əməllərə yol verən məmurlara da rast gəlinir. Amma o da faktdır ki, belə məmurlar əvvəl-axır respublikamızın qanunları qarşısında cavab verməli olurlar. Dövlətimizin başçısı nitqində bu məsələyə də toxundu və bir daha xəbərdarlığını edərək dedi:
“Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri də yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz həllini tapması və burada sosial ədalət prinsipinin gözlənilməsi ilə bağlı oldu. Dövlətimizin başçısının bildirdiyi kimi hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Bəli, sosial ədalət olan yerdə həm qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir, inkişaf baş verir, həm də vətəndaş məmnuniyyəti təmin edilir. Sosial ədalət olmayanda isə bunun əksi baş verir. Sosial ədalətin təmin olunması isə məmurların öz vəzifələrini dürüst icra etmələrindən, cənab Prezidentin tapşırıq və göstərişlərini vicdanla yerinə yetirmələrindən asılıdır.
Cənab Prezidentin tapşırıqlarından biri yerlərdə yeni iş yerlərinin yaradılması ilə bağlı oldu. Məlumdur ki, ötən dövrdə regionlarda iqtisadi sahədə əldə olunan uğurlar, istehsal və xidmət sahələrinin yaradılması öz növbəsində məşğulluqla bağlı problemlərin aradan qaldırılmasında, böyük şəhərlərə miqrasiyanın azaldılmasında xüsusi rol oynayıb. Regionlarda məşğulluğun təmin edilməsi üçün dövlət tərəfindən indi də müxtəlif tədbirlər həyata keçirilir. Yeni müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Əlbəttə ki, məşğulluqla bağlı məsələlərdə rayon və şəhər icra hakimiyyəti başçılarından çox şey asılıdır. Ona görə də Prezident İlham Əliyevin yerlərdəki rəhbərlərdən tələbi həm də onların iş yerlərinin yaradılmasına çalışmaları, bununla bağlı iş adamlarına şərait yaratmaları ilə bağlı oldu.
Bütövlükdə, cənab Prezidentin yerlərdəki rəhbər şəxslərdən tələbi odur ki, onlar öz vəzifələrini məsuliyyətlə və vicdanla yerinə yetirsinlər, daim insanların arasında olsunlar.
“İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir” - deyə Prezident İlham Əliyev bildirdi.
Prezident İlham Əliyevin rəhbər şəxslərdən tələbi dövlətə və xalqa layiqli xidmət etməkdir. Son illərdə məmur korpusunda aparılan kadr islahatlarının da əsas səbəblərindən biri bununla bağlıdır. İnanırıq ki, məmurlar, o cümlədən icra orqanlarının nümayəndələri cənab İlham Əliyevin qarşıya qoyduğu tələb və vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar. Onların fəaliyyətinin uğuru da məhz bundan asılı olacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı