Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul etməsi münasibətilə təbrik edib.
Trend xüsusi müxbiri xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı deyib.
"Bu gün formatımıza tamhüquqlu üzv kimi qoşulmaqla bağlı tarixi bir qərar qəbul edilib və bu münasibətlə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, bu yeni vəzifədə Azərbaycan regional əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Daşkənddə keçirilən görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının məşvərətçi görüşlər formatına tamhüquqlu iştirakçı kimi qoşulduğunu elan edib.
"Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm", - deyə Şavkat Mirziyoyev bildirib.
