Daşkənd. Trend:
Yüksək texnologiyalı infrastrukturun və nəqliyyat-logistika potensialının birgə inkişafı regionun gələcəyi üçün həlledici əhəmiyyətə malikdir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bildirib.
Onun sözlərinə görə, region ölkələri strateji əhəmiyyətli ümumregional layihələrin — elektrik stansiyalarının, elektrik xətlərinin, yol və dəmir yollarının, sərhəd keçid məntəqələrinin, “yaşıl dəhlizlərin”, fiber-optik xətlərin və digər əsas obyektlərin tikintisi və modernləşdirilməsinin həyata keçirilməsi üçün səylərini birləşdirməlidirlər.
"Regionlararası nəqliyyat əlaqəsini gücləndirmək üçün Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqanıstan Nəqliyyat Dəhlizi kimi layihələrə üstünlük veririk", - deyə Ş.Mirziyoyev qeyd edib.
O, Transxəzər marşrutunun və Mərkəzi Asiyanı Avropa ölkələri ilə birləşdirən digər marşrutların region ölkələri üçün əhəmiyyətli imkanlar açdığını vurğulayıb.
Bu sahələrdə fəaliyyətləri daha səmərəli şəkildə əlaqələndirmək üçün Özbəkistan Prezidenti region ölkələrinin baş nazir müavinləri səviyyəsində İnfrastruktur İnkişafı Şurasının yaradılmasını təklif edib.
