...

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub (FOTO)

Siyasət Materials 2 Dekabr 2025 21:33 (UTC +04:00)
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Gününün 54-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

Trend xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.

Müstəqillik Gününün əhəmiyyəti barədə danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirliklərinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan strateji potensialından bəhs edib. O, Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm sahələrində əməkdaşlıq genişlənib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Nazir BƏƏ Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.

Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına töhfə verən şəxslər mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti

Xəbər lenti