Bakı. Trend:
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər həqiqətən unikal xarakter daşıyır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazir xatırladıb ki, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməli qoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuş Füzuli şəhərinin sakinləri bir müddət əvvəl hörmətli Qurbanqulu Məlikquluyeviçə minnətdarlıq məktubu ünvanlayıblar.
“Biz həmçinin özbək, qazax və qırğız qardaşlarımız tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, eləcə də Ağdamda Manas adına məktəbin inşasına görə göstərilən qardaşlıq dəstəyini yüksək qiymətləndiririk.
Eyni zamanda azad edilmiş ərazilərin dirçəlişi istiqamətində göstərilən qardaş dəstəyinə görə Türkiyəyə də dərin təşəkkürümüzü bildiririk.
Bütün bunlar, şübhəsiz ki, xalqlarımızın birliyinin bariz nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi qalacaq”, - deyə o vurğulayıb.
Ə.Əsədov qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə ölkəmizin tamhüquqlu iştirakçı qismində qəbul edilməsi bizim Azərbaycan xüsusi əhəmiyyətə malikdir:
“Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir”.
