Bakı. Trend:
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə sürətlə inkişaf edən, strateji məzmun alan və çoxşaxəli xarakter daşıyan tərəfdaşlıq nümunəsidir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu əlaqələr qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulub və həm ikitərəfli, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə möhkəmlənir.
"İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında mütəmadi görüşlər qarşılıqlı etimadın və siyasi iradənin göstəricisidir. BƏƏ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, Azərbaycan isə Körfəz regionunda BƏƏ-ni etibarlı tərəfdaş kimi qəbul edir. Beynəlxalq təşkilatlar çərçivəsində də tərəflər bir-birinin təşəbbüslərinə dəstək verirlər."
Politoloq qeyd edib ki, bu səfər və onun çərçivəsində baş tutan görüşlər Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasibətlərinin hazırkı mərhələsini və gələcək perspektivlərini aydın şəkildə nümayiş etdirir.
"İlk növbədə, Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın göstəricisidir. Son illər Azərbaycanla BƏƏ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Energetika, bərpa olunan enerji, investisiyalar, nəqliyyat-logistika, humanitar və mədəni sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Əbu-Dabidə keçirilən görüş bu əməkdaşlığın dərinləşdirilməsi, regional və qlobal proseslərə dair mövqelərin mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün məhz BƏƏ paytaxtında keçirilməsi Körfəz regionunun Azərbaycan üçün artan geosiyasi və iqtisadi önəmini də vurğulayır. Azərbaycan Orta Dəhliz və Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm aktor kimi çıxış edir, BƏƏ isə Yaxın Şərqdə və qlobal miqyasda güclü siyasi-iqtisadi mərkəzlərdən biridir. Bu kontekstdə dövlət başçılarının birbaşa təmasları ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır."
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində birgə iştirak etməsi isə səfərin humanitar və ictimai diplomatiya ölçüsünü ön plana çıxarır.
"Müasir dövrdə idman təkcə yarış və əyləncə vasitəsi deyil, eyni zamanda xalqları birləşdirən, innovasiya və texnologiyaları təşviq edən, gənclər arasında əməkdaşlığı gücləndirən mühüm alətə çevrilib. Azərbaycan liderinin bu cür qlobal idman tədbirində iştirakı ölkənin beynəlxalq idman təşəbbüslərinə verdiyi dəstəyi və dünya miqyasında fəal mövqeyini bir daha nümayiş etdirir", - deyə o qeyd edib.
