Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib.
Trend xəbər verir ki, sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.
Bildirilir ki, bu sənəd Ermənistan və ya ABŞ üçün hüquqi baxımdan məcburi öhdəliklər yaratmır və çərçivə xarakteri daşıyır.
Mətnə görə, TRIPP çərçivəsi Ermənistan ərazisindən keçən multimodal tranzit qarşılıqlı əlaqənin işə salınması mexanizmini təsvir edir. Layihə maneəsiz tranziti təmin etməyə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə və Transxəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmağa yönəlmiş infrastruktur təşəbbüsü kimi təqdim olunur.
XİN-də qeyd olunur ki, layihənin icrası suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsəd Ermənistan və Azərbaycanın təhlükəsizliyinin və iqtisadi inkişafının möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzər dənizi və Avropa arasında regional ticarətin və tranzit imkanlarının genişləndirilməsi kimi göstərilir.
Layihənin icrası üzrə əsas müddəalar:
TRIPP-in inkişafı üzrə şirkətin yaradılması.
ABŞ-ın nəzarət paketinə malik olacağı və əsas məsələlər üzrə Ermənistanın nəzarət mexanizmlərinin nəzərdə tutulduğu strukturun formalaşdırılması planlaşdırılır.
Müddətlər və iştirak payları.
49 il müddətinə tikinti və istismar hüququ olan model nəzərdən keçirilir, əlavə olaraq daha 50 il uzadılma imkanı da mövcuddur. İlkin mərhələdə ABŞ-a 74 faiz, Ermənistana isə 26 faiz pay təklif olunur. Müddətin uzadılması halında Ermənistanın payının 49 faizə qədər artırılması perspektivi qeyd edilir.
Mülkiyyət strukturunun razılaşdırılması.
Səhmdarların tərkibində və son benefisiarlarda edilən hər hansı dəyişiklik Ermənistan və ABŞ hökumətləri ilə əvvəlcədən razılaşdırılmalıdır.
İnfrastruktur üzərində müstəsna hüquqlar.
Şirkət tranzit marşrutları çərçivəsində dəmir yolu və avtomobil yollarını, həmçinin onlarla əlaqəli enerji və rəqəmsal infrastrukturu planlaşdırmaq, tikmək, istismar etmək və xidmət göstərmək hüququna malik olacaq.
Gəlirlər və maliyyələşmə mənbələri
Mümkün gəlir mənbələri kimi infrastruktura çıxış haqları, marşrut boyunca kommersiya fəaliyyəti, daşınmaz əmlakın icarəsi və inkişafı, xidmət haqları, eləcə də xüsusi təyinatlı təşkilatların gəlirləri göstərilir.
Suverenlik və nəzarət
Ayrı bir bölmədə vurğulanır ki, Ermənistan aşağıdakı səlahiyyətləri özündə saxlayır:
- öz ərazisində qanunvericilik, tənzimləyici və məhkəmə yurisdiksiyası;
- milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyətinə nəzarət;
- gömrük və sərhəd nəzarəti, həmçinin vergilərin, rüsumların və digər məcburi ödənişlərin yığılması səlahiyyətləri.
Sərhəd və gömrük prosedurları
Çərçivə sazişi “front-ofis – back-ofis” modelinin tətbiqini nəzərdə tutur. Şirkətlə müqavilə əsasında çalışan özəl operatorlar müştəri funksiyalarını (sənədlərin toplanması, məsləhət, koordinasiya, ödənişlərin emalı) yerinə yetirə bilərlər. Lakin gömrük rəsmiləşdirilməsi, təhlükəsizlik, miqrasiya və hüquq-mühafizə nəzarəti üzrə yekun qərarlar Ermənistanın dövlət orqanlarının səlahiyyətində qalır. Suveren funksiyaların ötürülməsinin nəzərdə tutulmadığı xüsusi vurğulanır.
Eyni zamanda, riskə əsaslanan yoxlamaların, gömrük və sərhəd üzrə rəqəmsal sistemlərin, “vahid pəncərə” mexanizmlərinin, əvvəlcədən rəsmiləşdirmə üzrə pilot layihələrin və elektron sənəd dövriyyəsinin tətbiqi, eləcə də resurslar olduğu təqdirdə ABŞ-ın dəstəyi ilə kadrların hazırlanması planları açıqlanır.
Kompleks sərhəd idarəetməsi
Ermənistan müasir kompleks sərhəd idarəetmə təcrübələrinin tətbiqini davam etdirməyi planlaşdırır. ABŞ bu prosesə texniki yardım göstərə bilər, o cümlədən:
- risk qiymətləndirilməsinə əsaslanan yoxlama və gömrük rəsmiləşdirmə prosedurları;
- müasir yoxlama texnologiyaları;
- rəqəmsal gömrük və sərhəd sistemləri;
- qurumlararası əlaqələndirilmiş proseslər;
- erməni dövlət qulluqçularının peşə bacarıqlarının inkişafı.
Pilot layihələr
Ermənistan aşağıdakı sahələrdə optimallaşdırma məqsədilə pilot layihələr həyata keçirməyi planlaşdırır:
- əvvəlcədən gömrük rəsmiləşdirilməsi prosedurları;
- rəqəmsal sənəd dövriyyəsi və emalı;
- sərhəd-keçid məntəqələrində “vahid dayanacaq” konsepsiyası;
- texnologiyaların tətbiqi ilə risklərin qiymətləndirilməsi;
- qonşu ölkələrlə razılaşdırılmış sərhəd idarəetməsi.
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
