...

20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir – Deputat

Siyasət Materials 19 Yanvar 2026 18:18 (UTC +04:00)
20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu qanlı hadisə təkcə günahsız insanların qətlə yetirilməsi ilə yadda qalmayıb, həm də xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 1980-ci illərin sonlarından başlayaraq azərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü siyasət – tarixi torpaqlarımızdan kütləvi deportasiyalar, “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi cəhdləri cəmiyyətdə ciddi narazılıq yaratmışdı:

“Lakin yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, o zamankı sovet rəhbərliyi Azərbaycan xalqına qarşı misli görünməmiş zorakılığa əl atdı. 1990-cı ilin yanvarında Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən çoxminli hərbi qüvvələr dinc əhaliyə qarşı ağır texnika və silahlardan istifadə etməklə kütləvi qırğın törətdilər.

Fövqəladə vəziyyətin elan olunması barədə əhali əvvəlcədən məlumatlandırılmadan həyata keçirilən bu əməliyyat nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla yüzlərlə insan həyatını itirdi və yaralandı. Bu hadisələr sovet totalitar sisteminin mahiyyətini bir daha ifşa etdi və imperiyanın Azərbaycandakı siyasi dayaqlarını sarsıtdı. Xalqın mövcud rejimə inamı tamamilə itdi, azadlıq ideyası isə dönməz xarakter aldı.

20 Yanvar faciəsinə ilk prinsipial siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. O, bütün təzyiqlərə baxmayaraq, bu qanlı hadisəni insanlığa, demokratiyaya və hüquqa zidd ağır cinayət kimi qiymətləndirdi, günahkarların məsuliyyət daşımalı olduğunu açıq şəkildə bəyan etdi. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində 20 Yanvar faciəsi sonradan həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, həm də müstəqil Azərbaycanın Milli Məclisi səviyyəsində dövlət tərəfindən siyasi-hüquqi baxımdan rəsmən tanındı.

Bu gün şəhidlərimizin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. Şəhidlər Xiyabanında ucaldılmış “Əbədi məşəl” abidəsi, memorial komplekslər və qanunvericilikdə təsbit olunmuş anım günü bu faciənin unudulmamasının, şəhidlərin ruhuna olan sonsuz hörmətin bariz nümunəsidir. Eyni zamanda, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi və şəhid ailələrinə göstərilən sosial dəstək dövlətin bu məsələyə xüsusi həssaslıqla yanaşdığını göstərir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar nəticəsində 20 Yanvar şəhidlərinin ailələrinin və həmin hadisələr zamanı sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib:

“Mənzil, avtomobil təminatı, aylıq təqaüdlər və reabilitasiya xidmətləri dövlət qayğısının real təzahürləridir.

20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mühüm rol oynayıb. Həmin gün xalqımız sübut etdi ki, azadlıq və ləyaqət uğrunda hər cür qurban verməyə hazırdır. Bu iradənin məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə isə ölkəmizin suverenliyi tam bərpa olundu.

Bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayrağımız 20 Yanvar şəhidlərinin arzularının gerçəkləşdiyini nümayiş etdirir. Əminik ki, müstəqil, güclü və qalib Azərbaycan həmin şəhidlərin bizə əmanət etdiyi müqəddəs dəyərlər üzərində daha da inkişaf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti