...

Azərbaycanın bərpa olunan enerji ixracı ilə bağlı planları investisiyalar üçün yeni imkanlar açır - UK H/Advisors

Siyasət Materials 20 Yanvar 2026 13:35 (UTC +04:00)
Azərbaycanın bərpa olunan enerji ixracı ilə bağlı planları investisiyalar üçün yeni imkanlar açır - UK H/Advisors
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

COP29-un Azərbaycanda keçirilməsi və ölkənin bərpa olunan enerji mənbələrinə keçidə sadiqliyi onun karbohidrogen sektorundan kənarda uzunmüddətli inkişaf strategiyasını nümayiş etdirir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “H/Advisors” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Demion Potter jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın qlobal iqlim diplomatiyasındakı rolu yalnız genişmiqyaslı beynəlxalq tədbirlərin təşkili ilə məhdudlaşmır, Azərbaycan onu konkret öhdəliklərlə möhkəmləndirir.

Potterin sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji ixracına dair öhdəliyi COP29-un ən nəzərəçarpan nəticələrindən biridir.

“Məni təsirləndirən məqam Azərbaycanın qonşu ölkələrə və Avropaya 8 giqavat həcmində bərpa olunan enerji ixrac etmək öhdəliyini üzərinə götürməsidir”, – deyə o, bu planın gerçəkləşdirilməsi üçün müəyyən edilən iddialı müddətləri vurğulayıb.

“Bunu bu qədər qısa müddətdə – 2032-ci ilə qədər həyata keçirmək məcburi deyildi, lakin bu, əsasən COP29 çərçivəsində qəbul edilən öhdəliklər sayəsində mümkün olur”, – deyə Potter əlavə edib.

O, həmçinin bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu irimiqyaslı mədəni, idman və investisiya təşəbbüsləri hesabına ardıcıl şəkildə möhkəmlənir.

“Bakının mərkəzində Formula 1 trasının mövcudluğu, UFC turnirlərinin və digər iri beynəlxalq tədbirlərin keçirilməsi dünyaya Azərbaycanın gözəlliyini və bura ziyarətdən əldə olunan məmnuniyyəti xatırladır”, – deyə o qeyd edib.

Potter vurğulayıb ki, bu amillər ənənəvi hasilat sahələrindən kənarda cəlbedici investisiya mühitinin formalaşmasına töhfə verir.

“Azərbaycan xalqının rifahı naminə neft asılılığından digər bərpa olunan enerji növlərinə keçid üzrə uzunmüddətli strategiya mövcuddur. Bu, iqtisadi rifaha xidmət edir, daha təmiz hava hesabına gündəlik həyatımızın keyfiyyətini yaxşılaşdırır və Cənubi Qafqazdan kənarda digər ölkələr üçün də fayda yaradır”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti