Bakı. Trend:
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlərin mahiyyətini, regional reallıqları və Azərbaycanın qlobal proseslərdə tutduğu mövqeni aydın şəkildə ortaya qoyur.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının fikirlərindən aydın olur ki, bu gün dünyada beynəlxalq hüququn universallığı əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə zəifləyib və bir çox hallarda münasibətləri hüquq normaları deyil, güc balansı müəyyənləşdirir:
“Belə mürəkkəb şəraitdə Azərbaycan milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq hüquqa uyğun düşünülmüş və ardıcıl siyasət yürüdərək mühüm nəticələr əldə edib. Suverenliyin və ərazi bütövlüyünün bərpası bu siyasətin ən parlaq göstəricisidir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın regionda sülhün təmin olunması istiqamətində göstərdiyi səylərə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilməlidir. Otuz ilə yaxın davam edən münaqişə və qanlı qarşıdurmalardan sonra Cənubi Qafqazda yeni bir mərhələnin başlanması, ilk dəfə olaraq real sülh mühitinin formalaşması tarixi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçməsi, iqtisadi və humanitar əlaqələrin bərpa olunması göstərir ki, sülh yalnız siyasi deyil, eyni zamanda praktik faydalar yaradan bir prosesdir. Bu yanaşma regionda davamlı və əbədi sülhün əsasını formalaşdırır”.
A.Həsənova qeyd edib ki, dövlət başçısının müsahibədə vurğuladığı mühüm məqamlardan biri də Azərbaycanın daxili sabitliyi ilə bağlıdır:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə daxilində təhlükə mənbəyi mövcud deyil, bütün risklər əsasən xarici faktorlarla bağlıdır. Azərbaycan uzun illər müharibə və işğalın ağır nəticələrini yaşamış bir ölkə kimi sülhün, sabitliyin və proqnozlaşdırıla bilən mühitin dəyərini çox yaxşı anlayır. Məhz bu səbəbdən regionda təhlükəsizlik və qarşılıqlı etimad mühiti ölkəmiz üçün prioritetdir.
Enerji məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda unikal mövqeyini bir daha diqqətə çatdırdı. Azərbaycan regionda həm neft, həm də qaz ixrac edən yeganə ölkə olmaqla yanaşı, Avropa enerji təhlükəsizliyinin etibarlı tərəfdaşına çevrilib. Hazırda ölkəmizin təbii qazı 16 ölkəyə ixrac olunur ki, onların əksəriyyəti Avropa İttifaqının üzvləridir. Geniş nəqliyyat infrastrukturu, müasir boru kəməri sistemi və zəngin resurs bazası Azərbaycanın enerji sahəsində qlobal miqyasda etibarlı və strateji oyunçu olduğunu təsdiqləyir”.
Deputat əlavə edib ki, müsahibədə Avropa Parlamentinin Azərbaycana qarşı uzun müddətdir davam edən qərəzli mövqeyinə də aydın münasibət bildirildi:
“Prezident İlham Əliyev vurğuladı ki, bu cür yanaşmalar Azərbaycanın müstəqil siyasətini qəbul etməyən müəyyən lobbi qruplarının təsirinin nəticəsidir və rəsmi Bakı artıq bu əsassız ittihamlara reaksiya vermir. Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirməklə, qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlərin tərəfdarı olduğunu nümayiş etdirir.
Ümumilikdə, bu müsahibə bir daha göstərir ki, Azərbaycan regional və qlobal miqyasda sabitliyə, əməkdaşlığa və sülhə töhfə verən məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin gələcək inkişaf strategiyasını, xarici siyasət prioritetlərini və regionda sülhə yönəlmiş qətiyyətli mövqeyini aydın şəkildə əks etdirir”.
