Bakı. Trend:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir
Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət
Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş
keçirilib.
Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə
təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi
əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Tərəflər, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.
Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.
Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.
