Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülhün təşviqində liderliklərinə və tərəfdaşlıqlarına görə təşəkkür edib.
Trend xəbər verir ki, o, bu barədə Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında bildirib.
"Tərəfdaşlığınıza görə minnətdarıq və xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Baş nazirinə bunu mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirik", - o deyib.
Vens vurğulayıb ki, Sülh Şurasının əsas məqsədi əldə edilən razılaşmaların davamlılığını təmin etməkdir.
"Əsas məsələ Sülh Şurasının işidir - sülhün davamlı olmasını təmin etməkdir. Bu, hamınızın əldə etdiyi inanılmaz bir nailiyyətdir. Bu gün burada toplaşan, gələcəyə, sülhə sərmayə qoyan bütün liderlərə minnətdarlığımızı bildiririk", - o qeyd edib.
