...

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb - Fərman

Siyasət Materials 24 Fevral 2026 15:57 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb - Fərman
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında yaradılır.

Fərman mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində dövlət siyasətinin daha səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Müəyyən edilib ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

Üç ay müddətində:

  • Agentliyin əsasnaməsinin və strukturunun layihəsi;
  • normativ hüquqi aktların təkmilləşdirilməsi;

Doqquz ay müddətində:

  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri;
  • Qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi;
  • Bu Fərmanda göstərilən publik hüquqi şəxslərin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməlidir;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanda göstərilən publik hüquqi şəxslərin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir;
  • Agentliyin fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri bir ay müddətində həll etməlidir;
  • Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, habelə qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
  • Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanda göstərilən publik hüquqi şəxslər öz fəaliyyətlərini davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti