...

Svante Kornel: Ermənistan Fransa və ABŞ-ın dəstəyini itirib

Siyasət Materials 8 May 2006 17:16 (UTC +04:00)

Dağlıq Qarabağın statusu məsələsi sülh danışıqlarının hazırki mərhələsində həll olunmayacaq. Trend in Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins adına Üniversitetin Mərkəzi Asiya və Qafqaz tədqiqat institunun direktoru Svante Kornel bəyan edib.

Onun sözlərinə görə, bu məsələ yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin böyük hissəsinin qaytarılmasından sonra öz həllini tapa bilər. "Dağlıq Qarabağın son statusu barədə qərar, ən azı, danışıqların hazırki mərhələsində qəbul edilməyəcək. Daha doğrusu, söhbət bu məsələyə baxılmasının təxirə salınmasından gedir. Əvvəlcə, işğal olunmuş ərazilərin böyük hissəsi qaytarılacaq, qaçqınlar öz evılərinə qaytarılacaq və iqtisadi münasibətlər yaradılacaq", -deyə S. Kornel bildirib.

O əlavə edib ki, Dağılq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistan ötən illərdə Fransanın və ABŞ-ın ona göstərdiyi dəstəyi itirib.

"İndiki anda bir sıra perspektivlərin fonunda Azərbaycan ABŞ üçün çox əhəmiyyətli dövlətdir, Fransa isə artıq münaqişənin nizamlanmasında neytral mövqe tutub",- deyə qeyd edib. Onun sözlərinə görə, Bakının diqqət mərkəzində olduğu bir vaxtda Yerevan regionda gedən proseslərdən kənarda qalıb. "Bu o deməkdir ki, həm inkişaf baxımından, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Ermənistan arxa planda qalıb, Azərbaycan isə üstün vəziyyətdədir", -deyə o qeyd edib.

C.Hopkins universitetinin nümayəndəsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal iştirakının zəruri olduğunu qeyd edib. Ona görə də Vaşinqtonun Ermənistan-Azərbaycan münaqişəsinə daha çox diqqət ayıracağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti