ATƏT də bəzi beynəlxalq təşkilatlar kimi Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan çıxış edir. Bu barədə Trend ə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Azərbaycanın işğal edilən ərazilərində ermənilər tərəfindən törədilən yanğınlarla bağlı keçirdiyi monitorinqə münasibət bildirərəkən qeyd edib.
Qeyd edək ki, A.Kaspirşik iyulun 3-dən 5-dək təmas xəttində keçirdiyi monitorinqlərin yekunu barədə bildirib ki, cəbhə xəttində törədilən yanğınlarda qeyri-adi heç nə yoxdur.
B.Muradova bildirib ki, ATƏT bu məsələdə öz mövqeyini A.Kasprşikin münasibətinə uyğun olaraq formalaşdırır: "Azərbaycandakı vəziyyətlə bağlı ATƏT qədər məlumatlı beynəlxalq bir təşkilat yoxdur. Kasprşik diplomatik addım atmaqla, tərəflərin heç birini günahlandırmamaqla həmişəki mövqeyindən çıxış edib. Ancaq təbii ki, bu, bizi narahat edir. Çünki fakt göz qarşısında ola-ola buna şübhə ilə yanaşmağın özü ədalətsizlikdir".
Vitse-spiker ermənilər tərəfindən qəsdən törədilən yanğınların qarşısının alınması üçün Azərbaycanın təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda fəallıq nümayiş etdirdiyini bildirib: "Baxmayaraq ki, beynəlxalq aləm bu məsələyə o qədər də diqqət yetirmir, amma rəsmi Bakı bu istiqamətdə mübarizəsini davam etdirəcək. Görünür, ikili standartlar bu məsələlərə münasibətlərdə öz mövqeyini hələ də saxlamaqdadır. Ancaq biz heç də ruhdan düşmürük, milli maraqları kəsb edən hər bir məsələni təmsil olunduğumuz beynəlxalq təşkilatlarda gündəmə gətiririk".
B.Muradova əlavə edib ki, ermənilərin vandalizm aktlarına münasibət bildirməklə ATƏT-in rəsmilərinə və sədri Karl de Quxta müraciət ediblər: "Mənim subyektiv fikrimdir ki, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı vasitəçilik missiyasını yerinə yetirdiyi üçün tərəfləri hər hansı bir məsələdə ittiham etməkdən yayınır".