Azərbaycanda oktyabrın 6-a təyin olunmuş təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün 1200-dən çox yerli müşahidəçi qeydə alınıb. Trend in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrinə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.
M.Pənahov bildirib ki, avqustun 18-dək dairə seçki komissiyalarında 1204 nəfər müşahidəçi qeydə alınıb və seçki gününə qədər bu rəqəm artacaq. Qeydə alınanlardan 465 nəfəri müstəqil, 739-u isə siyasi partiyaların müşahidəçiləridir.
MSK sədri qeyd edib ki, hazırda seçkidə 4613 nəfər namizəd iştirak edir və indi onların təşviqat kampaniyası gedir.