...

Qüdrət Həsənquliyev: "Qanunsuz aksiyaların qarşısı alınmalıdır"

Siyasət Materials 21 Sentyabr 2006 11:31 (UTC +04:00)

"Qanunsuz aksiyaların qarşısı alınmalıdır". Bu barədə Trend ə müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə hökumət və Venesiya Komissiyasının mütəxəssisləri arasında müzakirəyə çıxarılan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, qanunlar Konstitusiyaya uyğun qəbul edilməlidir: "Konstitusiyada insanların müvafiq icra orqanlarına xəbərdarlıq etməklə toplantılar keçirmək hüququ nəzərdə tutulsa da, ciddi əsas gətirmədən bu qadağan edilir. Qanunda nəzərdə tutulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Aksiyaya beş gün qalmış meriyaya müraciətin edilməsi, bir gün qalmış cavabın verilməsi kimi müddəalar qanundan çıxarılmalıdır". Q.Həsənquliyev bildirib ki, akisya keçirmək üçün müraciətə bir gün ərzində cavab verilməlidir.

BAXCP sədri qanunsuz aksiyaların qarşısını almaqdan ötrü polislərin qüvvəsindən istifadə edilməsini zəruri hesab edib: "Bu üsul dünyanın hər bir dövlətində tətbiq edilir. Əgər qanunda aksiyanın keçirilməsinə icazə verilmirsə, lakin buna cəhd olunursa, onda dövlət bunun qarşısını almalıdır. Bu məsələlər qəbul etdiyimiz "Daxili qoşunlar haqqında" və "Polis haqqında" qanunlarda öz əksini tapıb".

Əlavə edək ki, Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının birgə keçirilən iclasında bəzi millət vəkilləri "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna aksiyaları dağıdan polsilərin rezin dəyənək, elektroşok cihazlar, rezin güllələr, xidməti atlar və itlər, gözyaşardıcı qazdan istifadə edilməsi ilə bağlı maddənin əlavə edilməsinə etiraz edib. Buna görə də sənəd yenidən hazırlanmaq üçün adıçəkilən komissiyalara qaytarılıb.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP 2001-2005-ci ilə qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi fəaliyyət göstərib. 2005-ci ildə isə BAXCP kimi dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti