...

Azərbaycan prezidenti Türkiyənin rabitə və nəqliyyat nazirini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2006 20:00 (UTC +04:00)

Azərbaycan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə özünün maliyyə öhdəliyini yerinə yetirməyə hazırdır. Trend in xəbər verdiyi kimi, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Bakıda Türkiyənin rabitə və nəqliyyat naziri Binəli Yıldırımı qəbul edərkən bəyan edib.

Dövlət başçısı dəmir yolu xəttinin ölkələrimiz arasında əlaqələrin, həm də regional əməkdaşlığın genişləndirilməsi işində mühüm rol oynayacağını bildirib. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrində, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyini vurğulayan İ. Əliyev oktyabrın 3-də Bakıda keçiriləcək beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini qeyd edib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etməsindən bəhs edən B. Yıldırım Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun region ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığında mühüm rol oynayacağını vurğulayıb. Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə Azərbaycanın xüsusi diqqət yetirməsi Türkiyədə yüksək qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti