...

Bakının mərkəzində rumın musiqiçisi Corce Eneskunun abidəsinin açılış mərasimi olub

Siyasət Materials 12 Oktyabr 2006 10:27 (UTC +04:00)

Oktyabrın 11-də Bakının mərkəzi parklarından birində görkəmli rumın musiqiçisi Corce Eneskunun abidəsinin açılış mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, mərasimdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Basesku da iştirak edib.

Mərasimdə çıxış edən İlham Əliyev xatırladıb ki, iki il bundan əvvəl, T.Basesku Buxarest şəhərinin meri olarkən, paytaxtda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsi ucaldılıb. Daha sonra isə Heydər Əliyev adına park açılıb. Bütün bunlar iki ölkə arasında səmimi dostluq münasibətlərinin təzahürüdür. Öz növbəsində, T.Basesku Bakıda görkəmli rumın skripkaçısı, bəstəkar və dirijoru Corce Eneskunun abidəsinin ucaldılması ilə bağlı Rumıniya tərəfinin məmnunluğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rumıniya mədəni əlaqələrin inkişafına böyük önəm verir.

Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.

Xəbər lenti

Xəbər lenti