Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş çox ehtimal ki, 2007-ci ilin yanvarında Strasburqda AŞPA-nın Dağlıq Qarabağ üzər alt komitəsinin sədri lord Rassel Constonun sədrliyi ilə keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 29-da jurnalistlərə Rassel-Conston məlumat verib.
"Belə ki, bu görüş nə Bakıda, nə də İrəvanda keçirilə bilməz. Buna görə də görüşün Strasburqda keçirilməsi qərara alınıb", - deyə o qeyd edib. Alt Komitə sədri bildirib ki, parlament nümayəndə heyətlərinin birinci görüşündən çox şey gözləmir. Mənim təşkilatda sədr olduğum və Azərbaycanla Ermənistan eyni vaxtda Avropa Şurasına üzv olduğu zaman hər iki ölkə arasında münaqişənin sakitləşəcəyi gözlənilirdi. Amma bu, baş vermədi" - deyə Rassel-Conston əlavə edib.
Onun sözlərinə görə, alt komitənin yaradılmasında məqsəd iki ölkə arasında hələlik mövcud olmayan dialoqun yaradılmasından ibarət olub.
"Komitə münaqişəni həll etməyə çalışmır. Münaqişə iki ölkə tərəfindən həll oluna bilər. Əslində bizdən Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələri yaxşılaşdırmağı xahiş ediblər", - deyə Rassel-Conston qeyd edib.