Əgər müxalifət partiyalarının ümumi toplantısında birgə kütləvi aksiyaların keçirilməsinə qərar verilməsə, Müsavat Partiyası özü təklikdə yürüş-mitinq keçirmək məsələsini müzakirə edəcək. Bu barədə Trend ə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
O bildirib ki, dekabrın 1-də bütün müxalifət partiyaları Müsavat Partiyasında toplanacaq və müvfiq qərarlar veriləcək: "Müsavat Partiyası müxalifətin birgə aksiyalarının keçirilməsini təklif edir. Ona görə də indiki mərhələdə özümüzün ayrılıqda yürüş-mitinq keçirməyimiz məqsədəuyğun deyil. Amma əgər müxalifət liderlərinin toplantısında bir qərara gəlinməsə, gələn həftə biz növbəti dəfə yürüş-mitinq təyin etmək barədə müzakirələr aparacağıq".
Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.