...

YAP ATƏT-in Minsk qrupunun həmsədrlərinə məktub göndərib

Siyasət Materials 6 Fevral 2007 18:23 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin "ermənilər tərəfindən azad olunmasının 15 illiyi" adı altında Ermənistan rəhbərliyinin göstərişi ilə Yerevan şəhərində abidə qoyulmasına etiraz olaraq hakim Yeni Azərbaycan Partiyası (YAP) Dağlıq Qarabağ münaqişəsinin həllində vastəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərinə məktub göndərib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edərək beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistan təəssüf ki, cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı ardıcıl təxribatlar törədir.

"Cari ilin əvvəllərində Ermənistan hökümətinin Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 15 illiyi ilə əlaqədar Yerevanda abidə ucaltmaq barədə verdiyi qərar Ermənistan hakimiyyətinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına növbəti zərbəsi sayıla bilər. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ən qədim siyasi-mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin işğalının 15 illiyi ilə əlaqədar Yerevanda abidə qoyulması bir tərəfdən həmin işğalda bu ölkənin birbaşa iştirakını sübut edir, digər tərəfdən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistan tərəfinin destruktiv və qeyri-səmimi olduğunu nümayiş etdirir. Erməni tərəfinin işğal faktına abidə qoyması nəinki heç bir beynəlxalq, həm də adi etik və insani normalara sığmır", -deyə YAP-ın məktubunda vurğulanır.

Məktubda daha sonra bildirilir ki, Yeni Azərbaycan Partiyası təcavüzkar Ermənistanın bu əməllərini qətiyyətlə və birmənalı olaraq pisləyir, belə hərəkətlərin aparılan sülh danışıqlarına xidmət etmədiyini bir daha vurğulayaraq, həmsədrləri Ermənistanın törətdiyi növbəti fitnəkarlığın qarşısını almağa çağırır.

Xəbər lenti

Xəbər lenti