...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib

Siyasət Materials 7 Mart 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Cavadova/ Martın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib.

Şahidlər əsasən Əli İnsanova qarşı irəli sürülən qanunsuz özəlləşdirmə epizoduna dair sualları cavablandırıblar. Məlum olub ki, bu şəxslər vaxtilə Səhiyyə Nazirliyinin balansında olmuş və qanunsuz özəlləşdirilmiş obyektləri alan şəxslərdir. Həmin şəxslər ifadələrində göstəriblər ki, onlar vicdanlı alıcı olublar və yalnız pullarını ödəyərək obyektləri alıblar. Həmin obyektlərin hansı yollarla özəlləşdirilməsi barədə isə məlumatları olmayıb.

Şahidlər sırasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qayınatası Aydın Kərimovun sürücüsü Cümşüd Mirzəyev da olub. O da səhiyyə obyektlərindən birinin özəlləşdirilməsi ilə bağlı sualları cavablandırıb. Şahid bildirib ki, o, özəlləşdirmə məsələsində yalnız ortada sənəd daşımaq funksiyasını yerinə yetirib.

Sonra təqsirləndirilən şəxs Əli İnsanov bir daha məhkəmədə vəsatət qaldıraraq keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun məhkəmədə əlavə şahid qismində dindirilməsini tələb edib. Bu dəfə təqsirləndirilən şəxs səhiyyə naziri Oqtay Şirəliyevin də məhkəməyə dəvət olunmasının zəruriliyini vurğulayıb. Lakin hakim vəsatətləri təmin etməyib.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti