...

Azərbaycan prezidenti: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"

Siyasət Materials 13 Aprel 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və torpaqlarımız işğaldan azad olunacaq. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev cümə günü Nazirlər Kabinetinin ilin ilk rübünün yekunlarına həsr olunan iclasında səsləndirib.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın qeyri-konstruktiv mövqeyinin iflasa uğraması labüddür. Münaqişənin həllinə dair danışıqların Praqa prosesi çərçivəsində aparıldığını xatırladan Prezident İlham Əliyev Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini və torpaqlarımızın işğaldan azad olunacağını bir daha vurğulayıb.

Prezident həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin çəkilişi barədə müqavilənin imzalanmasını rübün əsas hadisəsi kimi dəyərləndirərək vurğulayıb ki, bu da Azərbaycanın regional məsələlərin həllində müstəqilliyini sübut edən amillərdən biridir: "Mühüm regional layihələrdən kənarda qalmış Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın siyasi iradəsi sayəsində bu məsələnin də müsbət həllinə nail olundu"-deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı razılıq əldlə olunub.

Xəbər lenti

Xəbər lenti