...

ASDP həmsədri Araz Əlizadə: "Sağ müxalifət partiyalarının prezident seçkilərində layiqli, real namizədini görmürəm"

Siyasət Materials 14 May 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sağ müxalifət partiyalarının prezident seçkilərində namizəd olması üçün layiqli, real namizədi yoxur. Bu barədə bazar ertəsi Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə açıqlama verib.

O bildirib ki, ASDP-nin lideri Ayaz Mütəllibovun Azərbaycana qayıdacağı təqdirdə partiya prezident seçkisində iştirak edəcək. Əks təqdirdə, ASDP seçkidə sağ müxalifəti də dəstəkləməyəcək.

"Siyasi əxlaq baxımından bu müxalifət partiyalarının hakimiyyətə iddialı olmağa mənəvi haqları yoxdur. İnsan haqlarının, demokratik prinsiplərin pozulması, jurnalistlərin döyülməsi, seçkinin saxtalaşdırılması kimi halların əsası onların hakimiyyətdə olduğu dövrdə qoyulub. Dövlətin, xalqın əmlakını talayan, sonra vəzifəsindən uzaqlaşan şəxslər müxalifətə keçir, demokrat olurlar. Biz belə partiyalara və şəxslərə inanmır, onları dəstəkləmirik" - deyə Əlizadə vurğulayıb.

ASDP həmsədri müxalifət partiyaları liderlərinin mahiyyət, xarakter baxımından dəyişmədiyini, düşüncələrinin heç də demokratikləşmədiyini deyir. Buna görə də ASDP indiki iqtidarın bu müxalifətlə əvəzlənməsinin heç də xalq üçün faydalı olmayacağını iddia edir.

Əlizadə onu da deyib ki, bütün bunlara baxmayaraq, xalqın əsas problemi olan torpaq itkisini birgə müzakirə etmək üçün ASDP iqtidar və müxalifət pariyalarının iştirakı ilə mayın 26-da "Qarabağ ətrafında birləşək" adlı Forum keçirməyi planlaşdırır. Bu Forumla bağlı artıq hakim Yeni Azərbaycan Partiyasına və müxalifət partiyalarına, QHT-lərə, ziyalılara dəvətlər göndərilib.

Əlizadənin sözlərinə görə, hakim partiya təmsil olunmayacaqsa, bu tədbir keçirilməyəcək.

Xatırladaq ki, ASDP indiki iqtidara müxalif olan, sol təmayüllü partiyadır.

Partiyanın digər həmsədri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk prezident seçilən Mütəllibovun sonradan barəsində cinayət işi açılıb və o, 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti