...

"2006-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 15 May 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında "2006-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

İqtisadi siyasət daimi komissiyanın sədri Ziyad Səmədzadə "2006-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin çox ciddi prosesləri əhatə etdiyini, 2006-cı ildə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri göstərdiyini bildirib.

Maliyyə nazirinin müavini Azər Bayramov 2006-cı il dövlət büdcəsinin icrasına dair hesabat verib. Bildirib ki, ötən il ölkəmizdə büdcənin uğurlu icrasıyla yanaşı, Bakı-Tbilisi-Ceyhan kimi qlobal layihələrin həyata keçirilməsi, ölkədə qeyri-neft sektorunun, həmçinin regionlarda sahibkarlığın inkişafı ilə də yadda qalıb. Qanun layihəsində 2006-cı il dövlət büdcəsinin icrası gəlirlər 3868773,0 min manat, xərclər 3790123,6 min manat məbləğində müəyyənləşdirilərək təsdiqə təqdim edilib.

2005-ci illə müqayisədə 2006-cı ildə ümumi daxili məhsul 34,5 faiz, investisiya qoyuluşu 14,8 faiz, pullu xidmətlərin həcmi 42,1 faiz, əhalinin pul gəlirləri 23,4 faiz, banklardakı əmanətləri isə 65,7 faiz, xarici ticarət dövriyyəsi 36,0 faiz artıb. Ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 2005-ci ildəki 1488 manatdan 2006-cı ildə 2078 manata yüksəlib, büdcə xərcləri isə 254 manatdan 444 manata çatıb. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 21,8 faiz təşkil edib. 2006-cı ildə ölkəmizdə orta aylıq əmək haqqı 19,8 faiz artıb.

İclasda 3-cü oxunuşda komissiyaya təqdim olunmuş "Daxili audit haqqında" və "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanunun layihələrinə də baxılıb. Deputatlar ölkədə daxili audit xidmətinin təşkilini və fəaliyyətini tənzimləyəcək, auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin icbari sığortasının hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirəcək qanun layihələrinə münasibət bildiriblər.

Müzakirələrdən sonra qanun layihələri parlamentin müzakirəsinə tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti