...

Siyasi partiya Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib

Siyasət Materials 22 May 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) mayın 27-də doqquzuncu qurultayının keçirilməsinə yer ayrılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Bu barədə ADP-nin doqquzuncu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu çərşənbə axşamı məlumat verib.

Müraciətdə bir neçə mədəniyyət obyektlərinin siyahısı verilib, onlardan birinin qurultay keçirmək üçün ADP-yə icarəyə verilməsi xahiş olunur. Bunlar Rəşid Behbudov adına Mahnı Teatrı, Hərbi Dəniz Gəmiçilik İdarəsinin "Mədəniyyət Sarayı", Akademik Milli Dram Teatrı və Musiqili Komediya Teatrıdır. Şəhriyar adına Mədəniyyət Sarayı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib, lakin paytaxt rəhbərliyinin cavabında bildirilib ki, həmin obyektdə təmir işləri aparılır. Eyni cavab Milli Elmlər Akademiyasından da verilib.

Cəlaloğlu bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi də qurultaya müvafiq yer

ayırmasa, tədbir ADP-nin öz qərargahında keçiriləcək.

Qurultayda partiya sədrliyinə keçiriləcək seçki ilə bağlı hazırda yalnız Cəlaloğlunun namizədliyi irəli sürülüb. Ali Məclisə 20-dən çox, mərkəzi nəzarət-təftiş komissiyasına 10-dan çox şəxs namizədliyini verib.

ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulmasına dair yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti