...

Milli Məclis Azərbaycanın filiz yataqlarının işlənməsinə dair sazişi təsdiq edib

Siyasət Materials 5 İyun 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Daşkəsən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan hökuməti ilə "Londeks Resorsiz S.A.", "Uill and Meyris S.A.", "Farqeyt Mayninq Korporeyşn", "Qlobeks İnternəşnl LLP" və "Mitsui Mineral Development Encenirinq Ko.Ltd" arasında imzalanan sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi təsdiq olunub.

Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov bildirib ki, bu saziş 30 il qüvvədə olacaq. Hər mədən yatağı üçün proqramda nəzərdə tutulan işlər 48 ay müddətində yerinə yetirilməlidir. Əlavə kəşfiyyat işlərinə ehtiyac olarsa, hər mədən yatağı üçün 16 ay əlavə müddət təyin oluna bilər. Podratçı tərəflərin bu saziş üzrə sərmayə öhdəlikləri belə təsdiq edilir: "Londeks" 45 faiz, "Uill and Meyris" 29 faiz, "Farqeyt" 15 faiz, "Qlobeks" 11 faiz.

Sazişin qüvvəyə mindiyi tarixdən etibarən işçi qüvvəsinin tərkibi mütəxəssislər üzrə azı 45 faiz, qeyri-mütəxəssislər üzrə azı 80 faiz Azərbaycan vətəndaşlarından ibarət olacaq, bu faizlər növbəti mərhələlərdə daha da artırılacaq.

Məsələ ətrafında çıxış edən deputatlar bu layihənin həyata keçirilməsinin Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Müzakirələrdən sonra Milli Məclis sazişi təsdiq edib.

Xəbər lenti

Xəbər lenti