...

Azərbaycan prezidenti: "GUAM-da yeni inkişaf mərhələsi başlayır"

Siyasət Materials 19 İyun 2007 13:26 (UTC +04:00)
Azərbaycan prezidenti: "GUAM-da yeni inkişaf mərhələsi başlayır"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ GUAM-da yeni inkişaf mərhələsi başlayır. Bunu çərşənbə axşamı "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" sammitində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Prezident qeyd edib ki, qısı müddət ərzində GUAM beynəlxalq quruma çevrilib, üzv-dövlətləri birləşdirən ümumi maraqlar isə qurumun möhkəmlənməsinə təkan verir. Əliyev təşkilatın inkişafı üçün sammitdə Avropa Birliyi ölkələrinin iştirakının vacibliyini önə çəkib və gündəmdə Xəzər, Qara dəniz və Baltikyanı regionlar formatında yeni əməkdaşlıq məsələsinin dayandığını vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Avrasiya qitəsinə böyük təsirə malik olan GUAM regional əməkdaşlığı çərçivəsində mövcud problemlərin həlli üçün böyük perspektivlər var.

Əliyev qeyd edib ki, təşkilatı siyasi maraqlar, avroatlantik strukturlara inteqrasiya ilə bağlı ümumi istək birləşdirir. Bununla yanaşı, prezident ölkələrin iqtisadi inkişafının və birgə layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayıb. Prezident ümidvar olduğunu bildirib ki, qısa müddət ərzində Odessa-Brodı-Qdansk xəttinin istismarı məsələsi həllini tapacaq, bu ilin sonunadək isə Azərbaycan Türkiyə və Yunanıstan vasitəsi ilə Avropa Birliyi ölkələrinə qaz nəqlinə başlayacaq.

Azərbaycandakı iqtisadi artımdan danışan Əliyev 2005-ci ildə müvafiq göstəricinin 25 faiz, 2006-cı ildə 30 faiz, 2007-ci ilin ilk beş ayı ərzində isə 35 faiz olduğunu bildirib.

Azərbaycan prezidenti həmçinin Gürcüstan, Azərbaycan və Moldovada mövcud separatçı hərəkətlərə toxunub. Əliyev qeyd edib ki, GUAM dövlətləri mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarlarıdır. Onun sözlərinə görə, münaqişələr beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü çərçivəsində və yüksək muxtariyyət statusunun verilməsi yolu ilə çözülməlidir. Bununla yanaşı Azərbaycan prezidenti hesab edir ki, GUAM ölkələri güclü olmayanadək və güclü hərbi potensiala malik olmayanadək, separatçı rejimlər mövqelərindən geri çəkilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti