...

MSK sədri: "Seçki Məcəlləsinə dəyişikliklə bağlı əksər məsələlərdə konsensus əldə olunub"

Siyasət Materials 6 İyul 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın seçki sisteminin təkmilləşdirilməsi, Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı hökumətlə Avropa Şurası Venesiya Komissiyası arasında aparılan danışıqlar sentyabrın ilk ongünlüyündə davam etdiriləcək. Bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə günü Avropa Şurasının "Aqo" Qrupu ilə görüşündə məlumat verib.

Bakıda səfərdə olan Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu MSK sədri ilə görüş keçirib, Azərbaycanın seçki sistemində aparılan islahatlar, qarşıdakı seçkilərə hazırlıq işləri ilə maraqlanıblar.

Qonaqlar 2005-ci il parlament seçkilərində qeydə alınmış qüsurların aradan qaldırılması istiqamətində görülən işlər, həmçinin 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı suallar veriblər.

MSK sədri Pənahov bildirib ki, ötən seçkidə qeydə alınan nöqsanlara görə bəzi dairə seçki komissiyalarının nəticələri etibarsız sayılıb, bəzi dairə üzvləri cəzalandırılıb, hətta cinayət məsuliyyətinə cəlb olunub. Pənahov deyib ki, qarşıdakı seçkilərə hazırlıq üçün aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə onlara kurslar keçiləcək. MSK sədri həmçinin hazırda aşağı seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü, DSK-lara yeni binalar tikildiyini, lazımi texniki avadanlıqlarla təchiz olunduğunu qonaqların diqqətinə çatdırıb.

"Aqo" Qrupu üzvləri seçki qanunvericiliyinə dəyişikliklə bağlı nə kimi müzakirələr getməsi ilə də maraqlanıblar. Pənahov qeyd edib ki, müzakirələr sentyabrın ilk ongünlüyündə davam etdiriləcək. Onun sözlərinə görə, əksəriyyət məsələlərlə bağlı artıq konsensus əldə olunub. Gələcəkdə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və şikayətlərə baxılması ilə bağlı müzakirələr isə hələ davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti