...

Müxalifət partiyasının Ədliyyə Nazirliyinə qarşı məhkəməsi yenidən başlayır

Siyasət Materials 21 Avqust 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyasının (VİP) Azərbaycanın Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmə iclasının vaxtı cümə axşamı təyin ediləcək. Bu barədə bazar ertəsi Trend ə VİP-in sədri Əli Əliyev məlumat verib.

VİP-in ötən il keçirilən təsis qurultayından sonra partiyanın dövlət qeydiyyatından keçməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin bir il keçməsinə baxmayaraq nazirlik hələ də partiyanı qeydiyyata almayıb. Partiya Ədliyyə Nazirliyinin hərəkətsizliyindən iyunda Yasamal rayon məhkəməsinə şikayət verib.

İyul ayında şikayət üzrə iki dəfə hazırlıq iclası təyin olunub və hər ikisində cavabdeh tərəf iştirak etmədiyi üçün məhkəmə iclasları təxirə salınıb.

VİP-in sədri bildirib ki, Azərbaycanda bu yaxınlarda yeni hakim təyinatlarından sonra həmin şikayətə artıq başqa hakim - Raqif Qurbanov baxacaq. Ona görə də iddia ilə bağlı məlumat vermək üçün partiyanın nümayəndələri cümə axşamı yeni hakimlə görüşəcəklər. Əliyevin sözlərinə görə, həmin gün də məhkəmə iclasının vaxtını təyin ediləcək.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov Trend ə bildirib ki, siyasi partiyaların qeydiyyatı qanunauyğun şəkildə aparılır və əgər qeydiyyat yubanıbsa çox güman ki, həmin partiyanın sənədlərində çatışmazlıqlar var. Qurbanovun sözlərinə görə, nazirlik nümayəndələrinin məhkəmə iclaslarında iştirak etməməsi isə üzürlü səbəblərlə bağlıdır.

Vətəndaş və İnkişaf Partiyası 2006-cı ildə təsis olunub. Partiya müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun üzvüdür.

Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən aparılır. Ölkədə bir sıra siyasi partiyalar və qeyri-hökumət təşkilatları eyni problemlə üzləşirlər və onlar üçün dövlət qeydiyyatı mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti