...

Gürcüstan azərbaycanlılarının ilk qurultayı keçiriləcək

Siyasət Materials 27 Avqust 2007 11:07 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının ilk qurultayı keçiriləcək

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gürcüstanda yaşayan azərbaycanlıların ilk qurultayı keçirilə bilər. Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qurultay əsasən Gürcüstanda yaşayan azərbaycanlıların qlobal problemlərini müzakirə etmək və vahid konsepsiya hazırlamaq məqsədilə çağırılacaq.

Gürcüstanın Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt şəkildə 500 minə yaxın azərbaycanlı yaşayır. Ümumilikdə Gürcüstanın paytaxtında və 13 rayonunda yerli azərbaycanlılar yaşayır. Bu ölkədə 164 Azərbaycan məktəbi fəaliyyət göstərir və 2004-cü ildən bəri həmin məktəblərin bağlanması məsələsi müzakirə olunur. Belə ki, Gürcüstanın hələ qəbul olunmamış yeni təhsil qanununda təhsil müəssisələrinin yalnız dövlət dilində tədris aparması nəzərdə tutulur. Bu qanunun qəbul olunması azərbaycandilli məktəblərin bağlanmasını reallaşdıra bilər.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da Gürcüstandakı azərbaycandilli məktəblərin bağlanmasını və soydaşlarımızın gürcü dilində təhsil almasını təklif edir.

Əsgərov bildirib ki, qurultayın çağırılmasının əsas səbəbi də bununla bağlıdır. Onun sözlərinə görə, İbrahimovun təklifi Gürcüstan azərbaycanlılarının narahatlığına və etirazına səbəb olub. Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların ictimai təşkilatları soydaşlarımızın təhsillə bağlı problemlərini müzakirə etmək üçün qurultay çağırmaq qərarına gəliblər.

"Bu qurultay Gürcüstanda yaşayan azərbaycanlıların milli hüquqlarına, ana dilində təhsil almasına, humanitar problemlərinə həsr olunacaq. Biz Azərbaycan məktəblərinin saxlanması, eyni zamanda gürcü dilinin mükəmməl tədris olunmasını təklif edirik. Qurultay adından bu və digər təkliflərdən ibarət konsepsiya hazırlanması, Gürcüstan rəhbərliyinə təqdim olunması nəzərdə tutulur" - deyə Əsgərov məlumat verib.

O əlavə edib ki, qurultayda Gürcüstanın hər bir rayonunda yaşayan azərbaycanlıların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti