...

Qobustan həbsxanasında aclıq edən məhkumların qohumları Avropa Şurasına müraciət hazırlayır

Cəmiyyət Materials 19 Sentyabr 2007 16:08 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumların qohumları AŞPA-nın payız sessiyasına müraciət hazırlayırlar.

Beynəlxalq ömürlük həbs cəzası çəkən məhkumların yaxınlarının Komitəsindən çərşənbə günü Trend ə bildirilib ki, müraciətdə əsas diqqət Avropa Şurasının Parlament Assambleyasının 1545 saylı qətnaməsinin 8.8 və 8.9-cu bəndlərinin Azərbaycan hökuməti tərəfindən icra olunmamasına yönəldilib.

Komitədən bildirilib ki, həmin qətnamədə Qobustan həbsxanasında şəraitin pis olduğu, özünə qəsd və ölümlərinin sayının artdığı göstərilib.

Həmçinin ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemin həlli üçün hər bir məhkumun işinə yenidən baxılması və qanunun geriyə qüvvəsinin prinsiplərinin ən əlverişli müddəalarına müvafiq olaraq həmin məhkumlara cəza təyin olunması qətnamədə tövsiyə olunub.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Məhkumların qohumları müraciətin eyni zamanda ölkə başçısına, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, Ombudsmana, Konstitusiya Məhkəməsinə də ünvanlanacağını deyiblər.

Qobustan həbsxanasında sentyabrın 12-dən aclığa başlayan 20 məhkum Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və hüquq müdafiəçisi Eldar Zeynalovla görüş tələb edirlər. "Konstitusiya Məhkəməsi ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların problemi ilə bağlı qəbul etdiyi qərarda məhkumların cəzalarının 15 ilə endirilməsi tələbini qanunsuz hesab etməyib. Məhkumların şikayətlərinin birinci instansiya məhkəmələri tərəfindən araşdırılması barədə qərar qəbul edib. Lakin Qaradağ rayon məhkəməsi məhkumların şikayətləri ilə bağlı indiyədək obyektiv qərar qəbul etməyib" - deyə Komitədən bildirilib.

Məhkumların qohumları bildirib ki, məhkumların aidiyyatı qurumlara və ailələrinə ünvanladıqları məktubların göndərilməsinə həbsxana rəhbərliyi qadağa qoyub.

Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov aclıq edən 5 məhkumdan birinin - Rauf Eyvazovun aksiyanı dayandırdığını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsindən Trend ə bildirilib ki, həbsxanada 4 məhkumun aclıq edir və onların səhhəti ilə bağlı problemləri yoxdur: "Aclıq edənlər həkim nəzarətindədirlər".

Xəbər lenti

Xəbər lenti