...

"Ətraf mühiti ən çox çirkləndirən Sumqayıt alüminium zavodudur" - nazir

Cəmiyyət Materials 13 Noyabr 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda ətraf mühiti ən çox çirkləndirən Sumqayıt alüminium zavodudur. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

"Sumqayıt alüminium zavodunun ətraf mühiti çirkləndirməsi əhalinin narazılığına səbəb olub. Biz ətraf mühitə vurulan ziyanla bağlı bu zavodu bir neçə dəfə çərimə etmişik. Məhkəmədə zavoda qarşı 90 min manat dəyərində iddia qaldırmışıq. Zavod qarşısında tələb qoymuşuq ki, bütün tullantıların lazımi formada basdırılmasını təmin etsin və zavodda təmizləyici filtirlərin quraşdırılmasını sürətləndirsin" - deyə Bağırov əlavə edib.

"Sumqayıt alüminium zavodunun ətraf mühitə vurduğu ziyanın qarşısının alınması məsələsi dövlət proqramında nəzərdə tutulub və 2009-cu ilə qədər həyata keçirilməlidir. Amma biz bu işlərin sürətləndirilməsini tələb edirik" nazir bildirib.

Nazirin sözlərinə görə, Sumqayıt Səthi-Aktiv Maddələr Zavodunun həyətində olan civəli tullantıların təmizlənməsi işi yaxın günlərdə bərpa olunacaq. Bağırov qeyd edib ki, tullantıların daşınması ilə bağlı tender artıq başa çatıb və Tarif Şurası civəli tullantıların daşınması ilə bağlı qiymətləri müəyyənləşdirib, yaxın 5-6 gündən sonra iş başlayacaq və ilin sonuna kimi başa çatdırılacaq: "Hazırda Sumqayıt Səthi-Aktiv Maddələr Zavodunun həyətində 200 min tona qədər tullantı var. Onun hamısını təmizləmək mümkün olmayacaq. İlkin mərhələdə 40-45 ton tullantı daşınıb, bu dəfə də 40-45 ton tullantının daşınması nəzərdə tutulub. Bu işlər davam etdiriləcək".

Xəbər lenti

Xəbər lenti