...

"Siyasi məhbus" məsələsi ilə bağlı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı pozula bilər - nümayəndə heyətinin rəhbəri

Cəmiyyət Materials 19 Dekabr 2007 13:27 (UTC +04:00)
"Siyasi məhbus" məsələsi ilə bağlı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı pozula bilər - nümayəndə heyətinin rəhbəri

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Avropa Şurası rəsmi Bakının mövqeyini nəzərə almadan siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edərsə, Avropa Şurası ilə Azərbaycan arasındakı əməkdaşlıq və konsturuktiv dialoq pozula bilər. "Hər hansı bir məsələ üzrə məruzəçinin təyin olunması zamanı dövlətin mövqeyi nəzərə alınmalıdır. Dövlət məsələ ilə bağlı hansı mövqedədirsə, beynəlxalq təşkilatlar həmin mövqe ilə razılaşmalıdırlar. Avropa Şurası bir nəfərin istəyi ilə qərar qəbul etmir və bunu dəfələrlə sübut edib", çərşənbə günü Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

AŞPA-nın Monitorinq Komitəsinin çərşənbə günü Parisdə keçirilən iclasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi müzakirə olunub. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib ki, Monitorinq Komitəsində məsələ ilə bağlı imzalar toplanır.

2004-2006-ci illərdə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi fəaliyyət göstərib. Bu vəzifəni deputat Molkum Brus həyata keçirib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, məruzəçinin işi dövlətlə əməkdaşlıq etməkdir. Əgər dövlət məruzəçinin təyin olunmasının əleyhinədirsə və onunla əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmirsə, məruzəçinin təyin olunması heç bir effekt verə bilməz.

Seyidov qeyd edib ki, Azərbaycanda siyasi məhbus üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyac yoxdur: "Bu məsələ qapanıb və məruzəçinin fəaliyyət göstərməsi keçmişdə qalıb. Azərbaycanda siyasi məhbusların olması məsələsi süni şəkildə ortaya atılan problemdir".

Onun sözlərinə görə, məruzəçinin təyin olunması proseduru başqadır və bu məsələ bir nəfərin rəyi ilə həll olunmur: "Ona görə də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması real deyil. Bununla bağlı aparılan müzakirələr daha çox ajiotaj xarakteri daşıyır. Hazırda hökumət, parlament və QHT nümayəndələrindən ibarət İşçi qrup fəaliyyət göstərir və fəaliyyətini davam etdirəcək".

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Həmin dövrdən Azərbaycan Avropa Şurasının monitorinqi altındadır. AŞPA-nın Azərbaycan üzrə iki həmməruzəçisi - Andres Herkel və Yevgeni Jivkova fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti