...

Təyinatla işə çıxan vəkillərə verilən məbləğin artırılması təklif olunur

Cəmiyyət Materials 28 Dekabr 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ Dövlət təyinatı ilə işə çıxan vəkillərə saat hesabı verilən məbləğin artırılması təklif olunub.

Bu barədə cümə günü Trend ə Vəkillər Kollegiyasından məlumat verilib.

Azərbaycanda təyinatla işə çıxan vəkillərə hər saatına görə dövlət tərəfindən 90 qəpik haqq verilir.

Kollegiyadan bildirilib ki, məbləğin 1 manata çatdırılması barədə təklif verilsə də, bu məsələyə hələlik rəsmi münasibət bildirilməyib.

Vəkil Rəşid Hacılı Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda vəkillərə ödənilən məbləğin aşağı səviyyədə olmasından narazılıq bildirib və qeyd edib ki, vəkillərin hər saatına dövlət tərəfindən 90 qəpik məbləğində haqqın ödənilməsi dövlətin vətəndaşların müdafiə hüququna münasibətinin göstəricisidir. "Bu isə qanunun aliliyinin təmin olunmasına ciddi əngəllər yaradır",-deyə vəkil vurğulayıb.

Hacılı müqavilə ilə işə çıxan vəkillərə də ödənilən məbləğin elə də yüksək olmadığını bildirib. "Vəkil tutmaq imkanı olan vətəndaşlar da çox azdır. Vətəndaşların vəkil xidmətindən yararlanmaq imkanlarının olmaması onların keyfiyyətli hüquqi yardım almaq imkanlarını məhdudlaşdırır. Bu isə öz növbəsində hüquq pozuntularına, qanunun aliliyinin pozulmasına səbəb olur",-deyə Hacılı bildirib.

Hacılı Azərbaycanda vəkillik sahəsində ciddi problemlərin olduğu qənaətindədir. O hesab edir ki, bu problemlər həllini tapmasa, vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüquqları təmin olunmayacaq.

Hacılı bildirib ki, əsas problemlər vəkillərin proseslərdə bərabərlik hüquqlarının təmin olunmaması, Azərbaycanda vəkillərin sayının az olması və vəkillərin peşəkarlığının lazimi səviyyədə olmamasıdır.

Vəkillər Kollegiyasından bildirilib ki, vəkillərin sayının artırılması üçün müvafiq tədbirlər görülür. Belə ki, bu il ərzində vəkilliyə qəbulla bağlı keçirilmiş müsabiqə ilə 228 nəfər Kollegiyaya üzv qəbul olunub və vəkillərin sayı 547-dən 780-ə çatdırılıb.

Həmçinin vəkillərin peşəkarlığının artırılması üçün çoxsaylı seminar və treyninqlər keçirilir.

Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti