Azərbaycan, Bakı, 18 yanvar/müx. TrendLife Fərid Sadıqov/
Bu gün Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisinə start verilib. Dünyanın 60-a yaxın ölkəsinin qatıldığı bu kənd təsərrüfatı sərgisində Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, eləcə də 15 iri şirkət təmsil edəcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən TrendLife-a bildirilib ki, sərgidə Azərbaycan üçün ayrılmış 115 kv.m-lik pavilyonda müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş olunacaq. Yanvarın 27-dək davam edəcək "Beynəlxalq Yaşıl Həftə" çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsi da nəzərdə tutulur. Sərgidə milli musiqimiz səslənəcək, xalça dəzgahında Azərbaycan xalçası toxunacaq. Tədbirdə milli mətbəximizə aid bir sıra xörəklər hazırlanacaq, çay dəstgahı təşkil olunacaq.