Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Z.Səfərov / "Başlanan mövsüm əvvəlkindən təkcə lisenziya uğrunda mübarizə ilə çətin olmayacaq". Bu barədə Tbilisidə keçiriləcək Dünya Kuboku ərəfəsində Azərbaycanın cüdo üzrə yığma komandasının baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib.
Onun sözlərinə görə, Olimpiadaya düşmək üçün idmançılarımız rəqiblərindən bir baş güclü olmalıdırlar. "Bu halda nəinki rəqiblər, heç hakimlər də komandanın minimum -məqsədlərini yerinə yetirməyə mane ola bilməzlər. Cüdoçular arasında lisenziya uğrunda mübarizə aparan Mehman Əzizov ( 81 kq) və Mövlüd Mirəliyev ( 100 kq) qalib mövqesindən çıxış edirlər. Lakin Pekinə getmək məsələsini tam həll etmək üçün onlar bir neçə kvalifikasiya startında mükafatçılar sırasına düşməlidirlər. Kifayət Qasımovaya ( 57 kq) da böyük ümidlər bəslənilir. Belə ki, Oyunlar-96 və 2000 -də çıxış edən Zülfiyə Hüseynovadan sonra, Olimpiadada qadın cüdoçuların arasında təmsilçimiz olmayıb. Lakin indi vəziyyət müsbət yönə dəyişilə bilər", - Axundzadə deyib.