Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasına vəsiqə qazanan "Bakılı" və MOİK (Mərkəzi Ordu İdman Klubu) klublarının stadionla bağlı problemləri yaranıb. Bu, klubların rəhbərlərinin çərşənbə axşamı Trend -a verdikləri açıqlamalardan sonra məlum olub.
"Bakılı" klubunun prezidenti Misir Əbilov bildirib ki, Premyer-Liqanın qarşıdakı mövsümündə ev oyunlarını keçirmək üçün stadionları yoxdur. "Hələ ki, stadionumuz yoxdur. Çıxış yolu kimi ev oyunlarımızı ya Zabrat qəsəbə stadionunda, ya da İsmət Qayıbov adına Razin qəsəbə stadionunda keçirəcəyik" - deyə prezident əlavə edib.
Əbilov deyib ki, birinci divizionda "Bakılı"nın baş məşqçisi vəzifəsində çalışan Asəf Namazov Premyer-Liqada komandaya rəhbərlik etməyəcək. Klub prezidentinin dediyinə görə, "Bakılı" klubu yeni baş məşqçi axtarışındadır.
MOİK klubunun rəisi Akif İbadov isə bildirib ki, ev oyunlarını keçirmək üçün "Şəfa" stadionunun rəhbərliyinə müraciət edəcəklər. "Klubumuzun öz stadionu təmirdədir və üç aya hazır olar. Bu müddətdə ev oyunlarını "Şəfa" stadionunda keçirməyə çalışacağıq. "Şəfa" stadionunun rəhbərliyi icazə verməsə, Zabrat qəsəbə stadionunda oynayacağıq" - deyə klub rəsmisi əlavə edib.
İbadov bildirib ki, MOİK Premyer-Liqada legioner futbolçuların xidmətindən istifadə etməyəcək.
"Bakılı" və MOİK klubları əvvəllər Azərbaycan çempionatının yüksək dəstəsində çıxış ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]