...

Qızımın toyunu Azərbaycan adət-ənənələri ilə keçirəcəyəm -Türk müğənnisi Çingiz Kurtoğlu

Cəmiyyət Materials 27 May 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /müx.TrendLife Şahin Cavadsoy/

Türk müğənnisi Çingiz Kurtoğlunun sayca ikinci dəfə Bakımıza təşrif buyurması, yerli pərəstişkarlarını çox sevindirdi. Konsert üçün restoran səhnəsinin seçilməsi bəzi fanatların ciblərinə uyğun gəlməsə də müğənni bu dəfə də bizlərdən olduqca müsbət enerji aldığını etiraf etdi. Artıq Çingiz bəy öz vətəninə geri dönüb. Amma aktuallığını itirmədiyinə görə sənətçidən aldığımız müsahibəni indi diqqətinizə çatdırırıq. Əminik ki, apardığımız söhbət sizlərində ürəyincə olacaq:

- Çingiz Kurtoğlu adı gələndə hamının yaddaşında ağır təbiətli, hökmü olan bir sənətkar təzələnir. Həyatda da bu qədər ciddisiniz?

- Məncə anadan doğulandan bu ciddiliyi vücudumda daşıyıram. Ciddilik kişi adına çox gözəl yaraşır. Tanıyanlar bilirlər ki, ciddi olduğum qədər, həm də çox ürəyi yumşaq bir insanam.

- Yəni hər zaman cibinizdəki son qəpiyi belə gözüyumulu ehtiyacı olan insanlara verməyə hazırsınız?

- Əlbəttə. Ümumilikdə götürəndə çox əliaçığam. Bacardığım qədər imkansızlara dayaq olmağa çalışmışam və bu işimi bundan sonra da davam etdirmək niyyətindəyəm. İnanın bu dünyada ən dəyərli varlıq insandır. Allah bəndələrinin acı çəkməsini görəndə heç cürə dayana bilmirəm.

- Çingiz bəy, çox vaxt soyadınızı "Kürdoğlu" kimi qələmə verirlər. Yəqin bu sizi çox qıcıqlandırır.

- Bu halla təkcə Azərbaycanda deyil, hətta Türkiyədə də rastlaşıram. İnsanlar bilməyərəkdən mənə "Kürdoğlu" deyirlər. Vallah çox qəzəblənirəm, soyadımı düzgün eşitməyəndə. Mənim soyadım Kurtoğludur. Tərcüməsi sizin dilinizdə canavar anlamına gəlir.

- Azərbaycana bağlılığınız haradan qaynaqlanır?

- Məmləkətinizi çox sevirəm. Belə bir məşhur deyimimiz var: "Türkiyə-Azərbaycan - bir millət, iki dövlət". Burada özümü evimdəki kimi hiss edirəm. Çox mehriban xalqınız var. Qonaqpərvər, mehriban və ünsiyyətcil. Bir sirri də açım ki, həyat yoldaşımın ulu babalarından biri əslən Azərbaycandan olub. Bilmirəm, bəlkə də vətəninizə olan sevgim bununla bağlıdır.

- Bildiyimiz qədər həddindən artıq mehriban bir ailə başçısınız.

- Həm də necə. Allah bütün balaları saxlasın, mənim iki övldamı da onlardan ayırmasın. Çox xoşbəxt bir ailəyə sahibəm. Fikrimcə həyatını sənətə fəda etmiş bir müğənni üçün bundan böyük uğur ola bilməz.

- Deyəsən, qızınızı gəlin köçürməyə hazırlaşırsınız.

- Allahın izni ilə yaxınlarda toy çaldırmaq fikrim var.

Özü də qızımın toyunu Azərbaycan adət-ənənələri ilə keçirəcəyəm. Vallah doğru sözümdür. Çox heyranam sizləri qədim adətlərinizə.

- Belə çıxır ki, baba olmaq adını qazanmaqdan ötrü çox tələsirsiniz.

- Onsuz da Türkiyədə məni baba kimi çağırırlar. Həm də bu ad çox məsuliyyətlidir. Bilirəm ki, əsl baba titulunu da layiqincə daşıya biləcəyəm.

- Çingiz bəy, nədənsə ölkənizinin şou-biznesindən uzaq gəzib-dolanmağa çalışırsınız. Niyə?

- Bunun bir çox səbəbləri var. Birinci mən şou göstərən müğənnilərdən deyiləm ki, gecə-gündüz maqazin verilişlərində görünüm. Bir az özünü öymə kimi səslənsə də mən hər kəsdən fərqli bir sənətçiyəm. Türk jurnalistləri də bunu çox gözəl bildiklərindən, məni oyunlara salmamağa çalışırlar.

- Söz gəzirdi ki, siz də türk kanallarının birində müəllif proqramı ilə çıxış etmək qərarına gəlmisiniz.

- Doğrudur, dəfələrlə təkliflər alsam da onlardan heç birini dəyərləndirməmişəm. Az əvvəl dediyim sözləri təkrarlamaq istəmirəm. Açığı şou-dünyası mənlik deyil. Çingiz Kurtoğlu adlı öz dünyam var. Və bura heç kim icazəsiz qonaq gələ bilməz.

- Söhbətimiz boyu asanlıqla müşahidə etdik ki, insan kimi çox sadəsiniz. Bakı səfərinizdə heç cangündənlərə də ehtiyacınız olmadı.

- Sadəlik özü bir gözəllikdir. Ulu yaradan hamımızı eyni yaradıb. Nə olsun ki, biz sənətçilərə səs verib, digərlərindən fərqləndirib. O ki, qaldı cangüdənlərə, tam səmimi sözümdür, konsertlər zamanı onların yanımda olub-olmaması elə də böyük əhəmiyyət daşımayıb. Həmişə istəmişəm ki, dinləyicilərim üçün əlçatmaz olmayım. Sevgilərinə qarşılıqlı cavab vermək əsas vəzifələrimdən biridir.

- Son olaraq, Azərbaycana növbəti dəfə nə vaxt gəlməyi düşünürsünüz?

- Məndən olsa sizlərdən ayrılmaram. Amma nə edim ki, İstanbulda çox işlərim var. İnşallah yeni albomumu satışa çıxarandan sonra yolumu bir daha buralardan salaram. Azərbaycanlı pərəstişkarlarım bilsinlər ki, qəlbimdə onların hər birini ayrı-ayrılıqda yerləri var. Buna görə də dinləyicilərimə hələlik söyləyirəm.

Xəbər lenti

Xəbər lenti