Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir A.Əliyev/ Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul imtahanlarının nəticələri çərşənbə axşamı açıqlanıb. 75 nəfər bu nüfuzlu ali təhsil ocağının tələbəsi adına layiq görülüb. Universitetin Bakı filialında fəaliyyət göstərəcək filologiya, kimya və tətbiqi riyaziyyat fakultələrinin hər birinə 25 nəfər qəbul olunub. Universitetin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, Bakı filialında veriləcək təhsilin universitetin statusuna layiq olacaq. "Moskva Dövlət Universitetinin tələbəsi adını daşımaq məsuliyyətlidir",- deyə rektor bildirib.
Trend -un arayışı: Azərbaycan prezidenti yanvarın 15- də Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə sərəncam imzalayıb. Filial 2008 -2009 - cu tədris ilində fəaliyyət göstərməyə başlayacaq. Filialın tədris fəaliyyəti MDU-nun tədris planı və proqramına əsaslanır. Tədris əsasən MDU-nun professor-müəllim heyəti tərəfindən aparılacaq, filialın məzunlarına MDU-nun diplomu veriləcək.
Lomonosov adına Moskva Dövlət Universitetinin prorektoru Nikolay Syomin isə, Bakı filialının fəaliyyətinin Azəbaycandakı təhsilə dəstək olacağını bildirib. "İmtahanların nəticələri çox yaxşıdır və ən əsas nəticə odur ki, bu, Moskava Universitetinə qəbulla bağlı Azərbaycanda ilk təcrübədir və düzünü desək, nəticələrin nəcə olacağını bilmirdik. Müsabiqəyə görə, bir yerə dörd nəfər iddialı olub və imtahanı qəbul edən komissiya üzvlərinin hamısı abituriyentlərin yüksək nəticə göstərdiyini bildiriblər. Bu isə, azərbaycanlı abituriyentlərin yaxşı hazırlığını sübut edir",- deyə o bildirib.
Mixail Lomonosov adına Moskva Dövlət Universitetində 50 min tələbə təhsil alır.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]