Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakının Maliyyə Kollecində tələbəninin müəllimi qətlə yetirməsinin təhsilin imicinə zərbə vurduğunu bildirib.
"Təhsildə kriminal hadisələrin baş verməsi mənfi haldır", - çərşənbə axşamı jurnalistlərə Mərdanov deyib.
Dünən saat 12:00 radələrində Afiyəddin Cəlilov küçəsi, 22 ünvanda yerləşən Maliyyə Kollecinin 60 yaşlı müəllimi Sabir Musa oğlu Xudiyev bıçaqla qətlə yetirilib.
Keçirilmiş əməliyyat nəticəsində Xudiyevi qətlə yetirən, kollecin tələbəsi, Bakı sakini Fərhad Elşən oğlu Məmmədov tutulub.
İlkin araşdırma zamanı məlum olub ki, Xudiyev Məmmədovu sıxışdırdığına və dərslərə buraxmadığına görə onlar arasında mübahisə baş verib. Mübahisə zamanı Məmmədov bıçaqla Xudiyevə iki zərbə vurub. Xudiyev aldığı xəsarətlər nəticəsində ölüb. Qeyri-rəsmi məlumatlarda isə Xudiyevin tələbədən rüşvət tələb etdiyi söylənilir.
Mərdanov deyib ki, nazirliyin araşdırmasında tələbə Məmmədovun təhsillə bağlı problemi və hər hansı imtahandan kəsirinin olmadığı müəyyənləşib. Təhsil naziri müəllimin rüşvətə görə öldürüldüyü versiyasına inanmadığını söyləyib. "Cinayət faktı ilə bağlı istintaq hərəkətləri aparılır. İstintaqın yekununda hər şey məlum olacaq", - Mərdanov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]