...

Miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqi prosesin şəffaflığını təmin edəcək - azərbaycanlı ekspertlər

Cəmiyyət Materials 5 Mart 2009 14:03 (UTC +04:00)
Miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqi prosesin şəffaflığını təmin edəcək - azərbaycanlı ekspertlər

Azərbaycan, Bakı, 05 mart  / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın miqrasiya sahəsindəki ekspertləri prezidentin miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiq olunması barədə fərmanını müsbət qiymətləndiriblər. Ekspertlər hesab edirlər ki, bu sahədə "bir pəncərə" sisteminin tətbiqi vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində irəliyə atılmış addımdır.

"Əvvəllər əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verirdi və bu zaman korrupsiya hallarına yol verilirdi. Bu sistemin tətbiqi və bu səlahiyyətin Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizədə önəmli rol oynayacaq", - cümə axşamı Trend -a Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycan prezidenti çərşənbə günü cari ilin iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiq olunması barədə fərman imzalayıb.

Fərmana görə, miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.

Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, Azərbaycanda 70 ölkədən gələn 100 mindən artıq miqrant yaşayır.

Rəsmi məlumatlara görə, Azərbaycanda 54 mindən artıq miqrant Daxili İşlər Nazirliyində qeydiyyata alınıb. Miqrantların əksəriyyətini Gürcüstan, Orta Asiya respublikaları, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Çin, Nigeriya və digər ölkələrdən olanlar təşkil edir.

Əliyev bildirib ki, Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu, onlara Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə səlahiyyətlərin verilməsi daha əhəmiyyətlidir.

Əliyevin sözlərinə görə, bununla əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmasına icazənin verilməsi sahəsində dövlət orqanlarının bir-birinə nəzarət etmək imkanı yaranır.

Ekspert əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə baxılması müddətinin müəyyən edilməsinin bu sahədə yol verilən süründürməçilik hallarının qarşısının alınmasında əhəmiyyətli olacağını deyib.

"Bu fərmana qədər belə vəsatətlərə 6 aya, bir ilə cavab verilirdi. İndi bu müddətin 20 gün müəyyən edilməsi çox müsbət haldır", - Əliyev bildirib. Ekspert deyib ki, miqrasiya proseslərinin idarə olunması ilə bağlı Azərbaycan hökuməti ciddi axtarışlar aparır və kifayət qədər əhəmiyyətli addımlar atılır.

Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverdiyev isə cümə axşamı Trend -a bildirib ki, fərmanda nəzərdə tutulan tədbirlər miqrasiya sahəsində prosesləri sadələşdirməyə, bu sahədəki süründürməçilik hallarının qarşısını almağa yönəlib.

"İndi miqrasiya sahəsindəki informasiyalar bir sistemdə toplanılacaq, araşdırılacaq və müvafiq qərarlar qəbul olunacaq. Bu isə miqrasiya sahəsində idarəetmənin effektliyini artıracaq", - Allahverdiyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti