...

Azərbaycanlı şairin şeir kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 19 İyun 2009 15:58 (UTC +04:00)
Azərbaycanlı şairin şeir kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Məmmədov /

Muğam Teatrında şair Rasim Kərimlinin "Dözmək olmur ayrılığa" adlı şeir kitabının təqdimatı keçirilib.

Tovuz rayonundan olan şairin sayca altıncı kitabına gəraylı, qoşma, satirik şeir, bayatı, poema və təmsilləri daxil edilib.

Tədbiri aparan və kitaba ön söz yazan filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev bildirib ki, bu kitab şairin ayrı-ayrı vaxtlarda çap olunan kitabı əsasında tərtib edilən mükəmməl topludur.

Professor şairin həyat və yaradıcılığı barədə məlumat verib və bildirib ki, Kərimli 1932-ci ildə Tovuzun Düzqırıxlı kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Onun "Şəfqət", "Biləydin kaş", "Bulağım", "Dünya mərdlər dünyasıdır", "İntizarda qoyma məni" kitabları çap olunub.

Paşayev bildirib ki, bu kitabın çap olunmasında və tədbirin təşkilində millət vəkili Qənirə Paşayevanın əvəzsiz köməyi olub.

Bu kitabdan öncə millət vəkilinin təşəbbüsü ilə Tovuzdan olan şairlərin 6 kitabı çap olunub.

Tədbirdə şairin xatirəsi anılıb, onun şeirləri və şeirlərinə bəstələnən musiqilər ifa olunub.

Tədbirdə xanəndələr, xalq artisti Əlibaba Məmmədov, Könül Kərimova, Zabit Nəbizadə, xalq artisti İlham Əsgərov, millət vəkili Qənirə Paşayeva və digər incəsənət adamları iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti