Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva /
Bakının 302 uşaq bağçasında qrup otaqlarının 1009-dan çoxu təyinatı üzrə istifadə edilmir.
"Bu qrup otaqlarının 38-i təmirsizdir, 700 otaqda qaçqınlar məskunlaşıb, 271-də isə təhsilə aid olmayan təşkilatlar yerləşir", - Trend -un məlumatına görə, çərşənbə axşamı Bakı şəhər təhsil işçilərinin konfransında şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyeva bildirib.
Trend -un arayışı: Bakı Şəhər Təhsil İdarəsinin nəzdində 326 ümumtəhsil məktəbi və 302 məktəbəqədər müəssisə var. Ümumtəhsil məktəbləri 360 minə yaxın şagird və 33 400-ə yaxın müəllim heyətini əhatə edir. Məktəbəqədər müəssisələrdə 30510 uşaq təhsil alır.
Onun sözlərinə görə, Bakıda olan bütün məktəbəqədər təhsil müəssisələri tam gücü ilə işləsə belə, bağça yaşlı uşaqların yalnız 50%-ni - 52 minini əhatə edə bilər.
İdarə rəhbəri Bakının məktəbəqədər təhsil müəssisələri ilə bağlı problemlərin həlli ilə bağlı təkliflər irəli sürüb. "Bakıda özəl bağça şəbəkəsinin genişləndirilməsini, imkanlı valideynlərin müəyyən haqq ödəməsinin bərpa edilməsini, ailə tipli, məktəb-bağça modellərinin, qısa müddətli bağçaların yaradılması və məktəblərdə hazırlıq siniflərinin açılmasını təklif edirik", - Rzaquliyeva bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]