...

Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı bayram tədbirləri keçirilib

Cəmiyyət Materials 19 Noyabr 2009 13:36 (UTC +04:00)
Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı Trend News-a verilən məlumata görə, bayram tədbirlərində icra başçısı Vaqif Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı bayram tədbirləri keçirilib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı "Şəhər günü" münasibətilə bayram tədbirləri həyata keçirilib.

Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı Trend -a verilən məlumata görə, bayram tədbirlərində icra başçısı Vaqif Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Şəhərin ayrı-ayrı hissələrində - 3-cü mikrorayon ərazisindəki fəvvarələr meydanında, Göyərçin meydanında, "Lüdviqshafen" parkında və "Qarabağ" kinoteatrının qarşısındakı parkda konsert proqramları təşkil edilib.

Heydər Parkında şəhər gəzintisi olub, burada 80 müəssisənin iştirakı ilə geniş sərgiyə baxış keçirilib. Parkda Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş kompozisiya nümayiş etdirilib. Sumqayıtın ilk qurucuları - "Şöhrət" ordenli Gülbahar Vəliyeva və Prezident təqaüdçüsü Dadaş Dadaşov şəhər İcra hakimiyyəti başçısı Vaqif Əliyevə Sumqayıtın rəmzi açarını təqdim ediblər.

Tədbirin sonunda uzunluğu 5, eni 4 metrə çatan nəhəng bayram tortu kəsilib.

Səməd Vurğun adına Mədəniyyət Sarayında şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və qonaqların iştirakı ilə iclas keçirilib.

Sarayın foyesində şəhərin inkişafının əsas mərhələlərindən bəhs edən fotosərgi təşkil edilib, Sumqayıtın tarixini əks etdirən sənədli film nümayiş olunub. Daha sonra çıxış edən şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev mərasim iştirakçılarına son illər ərzində şəhərdə görülmüş irimiqyaslı işlər barədə ətraflı məlumat verib.

Əliyev çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan 65 nəfərin respublikanın yüksək mükafatlarına - 6 nəfərin "Şöhrət" ordeni ilə, 41 nəfərin "Tərəqqi" medalı ilə təltif edildiyini, 13 nəfərə fəxri adlar və 5 nəfərə isə Prezidentin fərdi təqaüdü verildiyini vurğulayıb.

Günün sonunda Mədəniyyət Sarayının qarşısındakı meydanda respublikamızın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. "Şəhər günü" tədbirlərinə atəşfəşanlıqla yekun vurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti