Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir H.Bağırov/
Azərbaycanda polisi öldürməyə cəhddə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Riyad" təhlükəsizlik xidmətinin əməkdaşları - Vüsal İsmayılov, Ramin Ağabalayev, Elmar Abbasov, Vaqif İsmayılov, Şövqi Məmmədov və Orxan Nağıyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə ifadə veriblər. Onlar özlərini təqsirli bilməyiblər.
2009-cu il sentyabrın 21-də paytaxtın Nəsimi rayonunda Səməd Vurğun küçəsində yerləşən "Niaqara" restoranının qarşısında Bakı şəhəri sakinləri Orxan Nağıyev, Şövqi Məmmədov restorana gələrək mühafizəçilər "Riyad" Təhlükəsizlik Şirkətinin əməkdaşları Vüsal İsmayılov, Ramin Ağabalayev və Elmar Abbasovla mübahisə ediblər. Nəticədə mühafizəçilər onları döyüb.
Sonra isə Nağıyev, qardaşı Kənan Nağıyev, tanışı Vaqif İsmayılov 10-a yaxın adamla restorana gəliblər. Onlar restoranda xuliqanlıq edərək səs-küy salıblar. Hadisə yerinə gələn Nizami rayon Mühafizə Şöbəsinin əməkdaşları münaqişənin qarşısını almaq istəyərkən, polis serjantı Rafiq Əliyev davaya gələn Vaqif İsmayılov tərəfindən bıçaqlanıb, taksi sürücüsü Səfiyar İbadov isə xəsarət alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]