...

Heydər Əliyev Fondu "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr edib

Cəmiyyət Materials 19 Fevral 2010 13:51 (UTC +04:00)
Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr edib. Bu barədə Fondun məlumatında deyilir.
Heydər Əliyev Fondu "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr edib

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr edib. Bu barədə Fondun məlumatında deyilir.

Silsilə toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" kimi beş bukleti əhatə edir.

Bukletlərdə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticələri, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktlarından bəhs edilir.

Yeni təqdimat 130 milyon əhalisi olan Yaponiya kimi inkişaf etmiş bir ölkədə Azərbaycan üçün vacib olan yeni informasiya məkanının əldə olunmasında və xalqımızın haqq səsinin eşidilməsində əvəzsiz rol oynaya bilər.

Toplunun Yaponiyanın dövlət orqanları, nüfuzlu təşkilatları, müvafiq təhsil qurumları və kitabxanaları, həmçinin aparıcı TV kanalları və KİV-i arasında yayılması nəzərdə tutulur.

Toplu OİSCA - İnternational-ın köməyi ilə nəşr olunub.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Daha sonra "Qarabağ həqiqətləri" oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbirlər və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.

Yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir.

"Qarabağ həqiqətləri" toplusu Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın bir çox ölkələrində keçirilən aksiya və anma mərasimlərində təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti