...

Ötən il Azərbaycanda malyariyaya yoluxma ilə bağlı 80 fakt qeydə alınıb - BMT

Cəmiyyət Materials 20 Aprel 2010 12:22 (UTC +04:00)
Bu barədə Trend-ə BMT-nin Azərbaycan Nümayəndəliyindən 25 aprel Ümumdünya malyariya ilə mübarizə günü ilə bağlı daxil olmuş məlumatda xəbər verilib.
Ötən il Azərbaycanda malyariyaya yoluxma ilə bağlı 80 fakt qeydə alınıb - BMT

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda malyariyaya yoluxma ilə bağlı 80 fakt qeydə alınıb.

Bu barədə Trend-ə BMT-nin Azərbaycan Nümayəndəliyindən 25 aprel Ümumdünya malyariya ilə mübarizə günü ilə bağlı daxil olmuş məlumatda xəbər verilib.

Məlumatda qeyd olunur ki, uzaq keçmişdə Azərbaycan ərazisində malyariya xəstəliyi kütləvi şəkildə yayılmışdı. Respublikanın malyariyaya görə yüksək endemik ərazilərində - Kür - Araz, Samur - Dəvəçi, Lənkəran ovalıqlarında və Naxçıvan MR-də əhali arasında tropik malyariyadan yüksək ölüm halları müşahidə edilmişdi. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində, 1960-cı ildə Azərbaycanda malyariya praktiki olaraq yox edilib.

Lakin vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariyaya yoluxma hadisələrinin sayı 13135 olub. Ölkədə genişmiqyaslı əks-epidemik tədbirlərin aparılması nəticəsində, malyariyanın aradan qaldırılmasında epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq, yoluxma hallarının sayı minimuma endirilib.

2005-ci ilin dekabrında Daşkənd deklarasiyasına qoşulmaqla Azərbaycan malyariya problemi ilə mübarizəyə siyasi dəstəyini və tərəfdarlığını bir daha təsdiq edib.

2008-ci ildə Azərbaycanda 2008-2013-cü illər üçün "Malyariyanın eliminasiyası üzrə Milli Strategiya Tədbirlər Planı" qəbul edilib.

2007-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında 25 aprelin Ümumdünya malyariya ilə mübarizə günü təyin edilməsi barədə qərar qəbul edilib.

Hər il, təxminən, 500 milyon insan bu xəstəliyə yoluxur və bunlardan 1 milyonu ölür; Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 30 saniyədə bir uşaq malyariyadan ölür.

Lakin malyariya müalicə olunan xəstəlik olduğu üçün, bu ölümlərin qarşısını almaq da mümkündür.

Xəbər lenti

Xəbər lenti